Ermənistan Silahlı Qüvvələri tərəfindən 2011-ci ildə cəbhə xəttində atəşkəs rejimi 774 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, cəbhə xəttində Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 şəhid verib, 24 nəfər isə yaralanıb.
Şəhid olanlardan 15 nəfər Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 4 nəfər mülki sakindir. Mülki sakinlərdən 2-si uşaqdır. Bir sakin minaya düşərək, bir sakin isə düşmən gülləsindən həlak olub. Yaralananlardan isə 19-u hərbçi, 5-i mülki şəxsdir. Mülki şəxslərdən 1-i minaya düşərək, 1-i ermənilərin çayla axıtdığı əldəqayırma bombanın partlamasından, 3-ü isə düşmən gülləsindən yaralanıb.
Aylar üzrə atəşkəsin ən çox pozulması faktı sentyabr (119), mart və may aylarında (hər ay 80 dəfə) qeydə alınıb.
Digər aylar üzrə – yanvarda 24, fevralda 56, apreldə 36, iyunda 69, iyulda 68, avqustda 69, oktyabrda 64, noyabrda 49, dekabrda 61 dəfə (dekabrın 30-na olan məlumat) atəşkəs pozulub. Oxumağa davam et