Oktyabrın 9-da Bakı Apelyasiya Məhkəməsində İlham Əliyevin prezidentliyə namizədliyinin qanunsuzluğuna dair digər prezidentliyə namizəd Cəmil Həsənlinin iddiasına baxılıb.
Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli iddiasında bildirib ki, namizədliyi üçüncü dəfə irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə almasının qanunsuz sayılmasını istəyib.
C.Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məhkəmə iddianı təmin etməyib. Məhkəmə prosesində iddiaçı və cavabdeh tərəfdən Cəmil Həsənlinin və Mərkəzi Seçki Komissiyasının nümayəndələri iştirak ediblər. “Qanunla YAP-ın namizədi olan İlham Əliyev üçüncü dəfə prezidentliyə namizəd olmamalı idi. MSK məsələni o cür qoyur ki, guya biz onun namizədliyinin ləğvinə dair iddia qaldırmışıq. Biz namizədə və MSK-ya öhdəlik və vəzifəsini xatırlatmışıq. O, məhkəməyə müraciət etməli və İlham Əliyevin namizədliyinin ləğvi məsələsini qaldırmalı idi. Biz məsələdə kifayət qədər bunu əsaslandırsaq da, məhkəmə iddianı təmin etməyib. C.Həsənlinin səlahiyyətli nümayəndələri növbəti məhkəmə instansiyasına müraciət etməyə hazırlaşır.
Oktyabrın 8-də həmçinin C.Həsənlinin daha bir iddiasına baxılıb. Vəkil Hafiz Həsənovun verdiyi məlumata görə, C.Həsənli eydə alınmış prezidentliyə namizəd kimi msk müraciət etmişdi ki, namizədlərin gəlirləri, əmlakı, ümumilikdə gəlir deklarasiyası açıqlansın və dərc olunsun. Seçki Məcəlləsinin 60.7-ci maddəsinə əsasən, namizəd qeydə alındıqdan 24 saat ərzində bu məlumatlar dərc edilməlidir. Ancaq olunmayıb. C.Həsənli MSK-ya məktubla müraciət etmişdi ki, niyə gəlir deklarasiyası ictimaiyyətə açıqlanmayıb, dərc edilməyib? Eyni zamanda, o, MSK-ya namizədlər tərəfindən təqdim olunan bu sənədlərin surətini almaq üçün müraciət etmişdi, amma vermədilər. Məcəllənin 40.1-ci maddəsinə görə, namizədin bu hüququ da var. Biz təkrar olaraq MSK-ya məktubla müraciət edərək istəyimizi qanunla əsaslandırsaq da, nəticəsi olmadı. Onların verdikləri cavab qeyri-ciddi və əsassız idi. Bildirirdilər ki, onların belə bir öhdəliyi yoxdur. Bu səbəbdən iddia qaldırdıq və Apellyasiya Məhkəməsi bu iddianı təmin etmədi. Biz MSK-nın hərəkətsizliyindən şikayət vermişdik. MSK namizədlərin gəlir deklarasiyasını dərc etməməklə, açıqlamamaqla, həmçinin sənədlərin surətini C.Həsənliyə təqdim etməməklə üzərinə düşən vəzifəni yerinə yetirməyib. Bununla C.Həsənlinin prezidentliyə namizəd kimi hüquqları pozulub, onun və digər vətəndaşların da informasiya almaq hüquqları pozulub. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmalı idi. Biz qərardan şikayət verəcəyik”.
Röya RƏFİYEVA