Bu gün Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yanındakı İdman-Sağlamlıq Kompleksinin stadionunda seçicilərlə görüş-mitinqi keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan görüş-mitinq saat 16-da başlayacaq və saat 18.00-da yekunlaşdırılacaq. Cəmil Həsənlinin seçki qərargahından və Milli Şuranın mitinq komitəsindən verilən xəbərə görə, görüş-mitinqə ciddi hazırlıq işləri həyata keçirilib. Cəmil Həsənlinin seçki qərargahından verilən məlumata görə, bu mitinq böyük ehtimalla Bakıda seçki təbliğatı dövründə keçirilən son və ən böyük mitinq olacaq.
Cəmil Həsənlinin seçki qərargahının sədri Arif Hacılı 5 oktyabr mitinqinin Bakıda seçki təbliğatı dövründə keçirilən son mitinq olacağını dedi: “Ona görə də bütün tərəfdarları, Azərbaycanın gələcəyini düşünən, demokratiya təəssübkeşi olan hər kəsi 5 oktyabr mitinqinə dəvət edirik. İnanırıq ki, xalqımız yaranmış imkanı dəyərləndirəcək”.
Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə nəzərdə tutulan görüş-mitinqi “Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!”, “Azad seçki!”, “Qarabağ və gələcək naminə ədalətli seçki” şüar və tələbləri ilə keçiriləcək.
Görüş-mitinqdə Cəmil Həsənlinin təbliğat materiallarının da paylanacağı nəzərdə tutulub.
Oktyabrın 5-dən sonra Cəmil Həsənlinin təbliğatı-təşviqatı davam edəcək. Oktyabrın 6-da da, 7-də də müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi nəzərdə tutulur. 6 oktyabr saat 16.00-da Sumqayıt şəhərində görüş-mitinqləri planlaşdırılıb. Oktyabrın 6-da saat 19.00-da isə “Bakı” kinoteatrında da seçicilərlə görüş keçiriləcək.